Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
21 Noyabr , 2019

General Məhəmməd Əsədov
1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərində 1 saylı trestdə betonçu işləyib.

1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.

1968-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib. 1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.

1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.

1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.

1986-1988-ci illərdə Mərkəzi Komitədə inzibati orqanlar şöbəsinə müdirlik edib. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1989-1990-cı illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olub.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının daxili İşlər naziri vəzifəsinə təyin edilib. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. 1990-cı il noyabr ayının 5-də Məhəmməd Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər daxili işlər naziri vəzifəsində çalışır.

Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.

Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhəmməd Əsədov Şəhidlər xiyabanında dəfn edilib.