Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Xəbərlər
17 Avqust , 2018

 XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri - Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.

    "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.