Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
2 Avqust , 2017

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır".
Heydər Əliyev
1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Hər bir xalq özünü bəşəriyyətə dərin köklərə, qədim ənənələrə malik olan ana dili ilə təqdim edir. Ana dili xalqın milli-mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir.
Dili xalq yaradır. Lakin onun yaşayıb nəsildən – nəslə ötürülməsi görkəmli şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının hesabına başa gəlir.
Dünya dilləri sırasında Azərbaycan dili özünəməxsus yer tutmaqdadır. Dilimiz mənəvi sərvətimizdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.
Ana dili! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud – ana öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edir.
Azərbaycanın böyük tarixi simalarından biri, şair və sərkərdə Şah İsmayıl Xətainin dilimiz haqqında sözlərini xatırlatmaq yerinə düşərdi. O demişdir: - Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin! 
Azərbaycan Respublikasında “Dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 2003-cü il yanvarın 2-də Azərbaycan Respublikası Prezidentinin fərmanı verilmişdir. Avqust ayının 1-i Azərbaycan dili və əlifbası günü elan edilmişdir.
Ana dili! Bizi bu işıqlı dünyaya gətirən, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran, ayaqları altı hər birimiz üçün behişt olan müqəddəs bir varlığın dili. Bu varlıq öz şəfqət və məhəbbətini bu dildə bəyan etmiş,
beşik başında öz körpəsinə bu dildə layla çalmış və bu dil onun ruhunun ən dərin guşəsində nəqş olunmuşdur.

Mənim ana dilim-mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim.
Məni həm babamla, həm də nəvəmlə
Bağlayıb uzanan tarix bağımsan.
Dünənim, sabahım, üstəlik hələ
Mənim söz hünərim, söz bayrağımsan.

B.Vahabzadə

Dilimizi qoruyun, ana dilinə övlad sevgisi ilə yanaşın!.