Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Görkəmli şəxsiyyətlər
13 Yanvar , 2017

Qarabağın görkəmli şəxsiyyətləri

Pənahəli xan (1693-1763)

Qarabağ xanlığının banisi. Pənahəli xan Sarıcalı Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi. O 1963 ildə anadan olmuşdur. Görkəmli sərkərdə və dövlət xadimi kimi şöhrət qazanmışdır. Onun hakimiyyəti dövründə böyük miqyaslı tikinti və quruculuq işləri aparılmış Şahbulaq qəsri, Əsgəran qalası inşa olunmuşdur. Lakin gördüyü işlər içərisində ən önəmlisi 1750 ildə inşasına başladığı və ilk öncə Pənahabad daha sonra isə Şuşa adlandırılmış şəhər-qalası olmuşdur.

Molla Pənah Vaqif (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından olub.

Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.

XVIII əsrin ortalarında Gürcüstan sərhədində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır.

Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər.

Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.

Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.

Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır. Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.

İbrahimxəlil xan Cavanşir (1732-1806)

İbrahimxəlil xan-1758-ci ildən xanlığın sonuna qədər Qarabağ xanlığının xanı, general-leytenant. İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Onun xanlığı dövründə Ağa Məhəmməd xan Qacar Şuşaya iki dəfə hücüm etmişdir. Birinci hücümu(1795) dəf edilsə də ikinci dəfə(1797) Şuşa qalası alınmış, lakin Şah Qacar həmin gecə öz ətrafı tərəfindən öldürülmüşdür. 1806-cı ildə İbrahimxəlil xan rus işğalçıları tərfindən qətlə yetirlimişdir.

Qasım bəy Zakir (1784-1857)

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır.

Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsili çap olunmuşdur. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.

Mir Mehdi Xəzani (1819-1894)

Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə müəllimlik edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da müəllimliklə məşğul olmuşdu. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun "Kitabi-tarixi-Qarabağ" tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarix"lərindən əlavə "təvarixi-qədimlər"dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə "xalis türki" dilində yazmışdır. Mir Mehdi şair idi. Xəzani təxəllüsü ilə şeirlər yazırdı. Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib.

Xurşidbanu Natəvan (1832-1897)

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda « Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur. Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adını çəkir. Nəvvab həm də gözəl rəssam olmuşdur. Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

Nəcəf bəy Vəzirov(1854-1926)

Nəcəf bəy Vəzirov-Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan yazıçı. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir. Nəcəf bəy Vəzirov 1854–cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1926–cı ilin iyul ayının 9–da orada ürək partlamasından vəfat etmişdir.

Səməd bəy Mehmandarov (1855-1931)

Səməd bəy Mehmandarov–Rusiya İmperator ordusunun artilleriya generalı , Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi.

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Əslən Şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində1921-1928-ci illərdə müəllimlik etmişdir.

General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.

Cabbar Qaryağdıoğlu (1861-1944)

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.

O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir

Əhməd bəy Ağaoğlu (1869-1939)

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan " İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevrilir. 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyətində o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir.

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difahi" adlı özünümüdafiə təşkilatı yaradır.

Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir.

Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

Bəhlul Behcət (1869-1938)

Bəhlul Behcət 1869-ci ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə "Behcət" təxəllüsü götürmüşdür.

Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. O, "Nizami və Qafqaz folkloru" mövzusundə elmi əsər qələmə almışdı.

Bəhlul əfəndi Bəhlul Danəndənin tarixi şəxsiyyət və azərbaycanlı olduğunu, IX yüzildə Təbrizdə yaşadığını, müasirləri arasında alim və bağban kimi şöhrətləndiyini yazılı və şifahi tutalqalarla sübut edir, hətta albalının təzə bir növünü kəşf etdiyini, həmin calaq cinsin Bəhlulun zəhmətinin bəhrəsinə el qiyməti olaraq "bəhli" adlandırıldığını deyirmiş. Onun Bəhlul Danəndə haqqında topladığı sənədlər və lətifələr arxivlərdə qorunub saxlanmamışdır.

Bəhlul Behcət 15 mart 1938-ci ildə repressiyaya məruz qalmış və güllələnmişdir.

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)

1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri Yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır(1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Onda ədəbiyyata güclü meyl oyanmışdır."Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq' (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış. burada tamaşalar təşkil etmişdir. Burada ilk Hekayələrini ("Ata və oğul", "Ayin şahidliyi") yazıb İki Hekayət" adı ilə çap etdirmişdir 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir(Azərbaycanın Birinci Diplomatların Sıralarda hesab olunur). Burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamışdır."Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə etmişdir. "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə. felyeton çap etdirmişdir Həştərxanda Yaşadığı müddət şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır(1910). Sonra Ağdama köçüb orada yaşamışdır.(1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir(1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918) Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Sultan bəy Sultanov (1871-1955)

Sultan bəy 1871-ci ildə Laçın rayonunun Hacısamlı nahiyəsinin Qasımuşağı kəndində doğulmuşdir. Paşa bəyin oğlu olub.  Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu. O, bu təhsil ocağını tamalaya bilmədi. Atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönür. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.

1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu.

Ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy Iran şahına üz tutur. İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir. Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.

Həmidə xanım Cavanşir (1873-1955)

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdi. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

Cavad bəy Məlikyeqanov (1878-1942)

Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi.1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə sürgün edilmişdir.

Xosrov bəy Sultanov (1879-1947)

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Laçın rayonu Hacısamlı nahiyəsinin Qurdqajı kəndində dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonar Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. Xosrov bəy 1947-ci ildə vəfat etmişdir

Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov—dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor(1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948), Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur.

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.

Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. Dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.

Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi.

Bülbül (1897-1961)

Məmmədov Murtuza Məşədi Rza oğlu(Bülbül) Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür.1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin iki dəfə Lenin Ordeninə, iki Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə layiq görülmüşdür.26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.