Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
12 Yanvar , 2017

Əsədov Əsəd Soltan oğlu

1958-1991

Turabad  kəndində doğulub. Mincivan qəsəbə orta məktəbində təhsilini başa vuraraq  əsgəri qulluğa gedib. Hərbi xidmətdən sonra Saratov şəhərində təyyarəçilik məktəbinin mülki aviasiya şöbəsinə daxil olub.1976-cı ildə təyyarələrin uçuş istismarı sənətinə yiyələnib. Elə həmin ildən də Yevlax Mülki Aviasiya İdarəsində işə başlayıb.

Ermənilər xalqımıza qarşı təcavüzə başladıqdan sonra son dərəcə təhlükəli uçuş zonası olan Xocalıya çoxsaylı mühüm əhəmiyyətli səfərlər etmişdir. Qarabağa növbəti uçuşu zamanı, 29 oktyabr 1991-ci ildə Əskəran səmasında ermənilər tərəfindən qəzaya uğradılan “AH-2” təyyarəsində həlak olub.

Cahangirbəyli kənd qəbiristanlığında dəfn edilib.

Dörd övlad atası idi. 

Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilən Əsəd Soltan oğlu Əsədov Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Nuriyev Elnur Eyvaz oğlu

1975-1994

Cahangirbəyli kəndində anadan olub. Kənd orta məktəbini bitirərək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul imtahanı versə də, məqsədinə çata bilməyib.

Rayona qayıdıb və Milli Ordu sıralarında erməni quldur dəstələrinin təcavüzünə qarşı mövqe döyüşlərində iştirak edib.

Zəngilanın işğalından sonra minomyotçular batareyasının tərkibində Füzuli rayonunun müdafiəçiləri cərgəsində yer alıb. Eləcə də Ağdamın işğal edilməmiş kəndlərinin qorunmasına cəlb olunub, Tərtər yaxınlığındakı məşhur Seysuan döyüşündə çətin sınaqdan çıxıb.

Hakimiyyət davasına qalxan daxili qüvvələrin Gəncədə gərginlik yaratdığı 1994-cü ilin sentyabrında sabitliyi bərpa etməli olan qoşun birləşmələrinin tərkibində “Üçtəpə” deyilən ərazidə atışmada sinəsindən ağır yaralanıb.

1994-cü il sentyabrın 5-də şəhidlik zirvəsinə ucalan Elnur Eyvaz oğlu Nuriyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Rüstəmov Adil Əmrah oğlu

1963-1992

Zəngilanda anadan olsa da, atasının işi ilə əlaqədar uşaqlıq və yeniyetmə çağları İmişli rayonunda keçib. Bəhrəmtəpə 8-illik məktəbini, 1983-cü ildə isə Bakı Politexnik Texnikumunu bitirib.

Qazaxıstanın Şevçenko şəhərində milis serjantı rütbəsində hərbi xidmətdə olub. Nazirlər Soveti sədrinin şəxsi mühafizə dəstəsinə qəbul edilib.

Qarşıda onu uğurlar gözləsə də, Vətənin darda olduğunu eşidən eloğlumuz Zəngilana qayıdıb, torpaqların müdafiəsi uğrunda mübarizəyə qoşulub.

Erməni basqınlarına görə əli işdən soyuyan soydaşlarımızdan fərqli olaraq, o, «Ziya» adlı kiçik müəssisə yaradıb. Müəssisəsinin imkanları ilə Milli Orduya 20.000 manat, şəhid Pirqulu İsmayılovun ailəsinə ayda 2.500 manat yardımlar edib.

Başladığı mübarizənin davamı kimi, Milli Orduya yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib.

1992-ci il dekabrın 10-da Şayıflı stansiyasında düşmənlə əlbəyaxa döyüşdə işgəncələrlə  qətlə yetirilib.

Məzarı Zəngilan şəhər qəbiristanlığındadır.

Döyüş xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

Süleymanov  Baloğlan Süleyman oğlu

1960-1993

«Ermənilər yalnız mənim meyidimin üstündən keçib Zəngilanı işğal edə bilərlər». Bu, elimizin igid oğlu, «Azərbaycan Bayrağı» ordenli Baloğlan Süleymanovun sağlığında hiddətlə dediyi sözlərdir.

Həqiqətən belə oldu . 1993-cü il oktyabr ayının 25-də o, Cəbrayıl rayonu ərazisində yağı gülləsinə tuş gəldikdən sonra ermənilər Zəngilan ərazisinə soxula bildilər.

Mənfur qonşularımız 1992-ci il avqust ayının 21- də Baloğlanın  körpə övladına da qıymışdılar. Elə həmin faciəli günlərdə Baloğlan silahdaşları Pənah, Elşən, Namiq və qardaşı Elmanla arxadan hücuma keçməklə düşmənin üç postunu darmadağın edib, silahlarını qənimət kimi gətiriblər.

Baloğlanın cəsədini ölümündən yalnız üç gün sonra qardaşı Elman böyük cəsarət göstərərək işğal zonasından İran İslam Respublikasına çiynində gətirib.

B.Süleymanov taleyin hökmü ilə Tərtər rayonunun Köçərli kəndində torpağa tapşırılıb.

 

Rüstəmov Bəhram Əhməd oğlu

1962-1994

Malatkeşin kəndində doğulub. Orta məktəbi bitirərək 1980-85-ci illərdə Ukraynanın Dnepropetrovsk Metallurgiya İnstitutunda oxuyub, mühüm sənaye sahəsinin ali təhsilli mütəxəssisi kimi Vətənə dönüb.

1985-ci ildə ilk əmək fəaliyyətinə başlayaraq, Sumqayıt Boru Prokat Zavodunda mühəndis-texnik vəzifəsində çalışıb. 1988-ci ilin 28 fevralında Sumqayıtda ermənilərin qızışdırıcı fitnəkar hərəkətlərini gözləri ilə görən Bəhram 1992-ci ildə, Qarabağ hadisələrinin qızğın çağında tərəddüd etmədən Milli Ordu sıralarında xidmətə gedib.

Çoxsaylı ölüm-dirim savaşında iştirak edən leytenant, tağım komandiri B.Rüstəmov 1994-cü il mart ayının 3-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda döyüşdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli idi. Bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı il tarixli Fərmanı ilə ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.