Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Xəbərlər
29 Oktyabr , 2016

29 oktyabr 1993-cü il… yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Ermənistan Silahlı Qüvvələri tərəfindən ardı arası kəsilməyən hücumlara böyük  itkilər bahasına cavab verən  Zəngilan rayonu,  Qarabağ müharibəsi zamanında işğala məruz qalan ən sonuncu rayon olub.

Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  başladı. Rayonun dinc əhalisinə hər fürsətdə həmlə edən ermənilər dəmir yol xətlərini bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. Belə hadisələrin günü gündən artması,  1992-ci ildən başlayaraq,  rayonun sərhəd kəndlərini döyüş zonasına çevirdi. Havadarları hesabına mükəmməl silahlarla təhciz olunmuş amansız düşmən 1992-ci ilin fevral ayından hücumlara başlayır və rayonun strateji əhəmiyyətli dörd kəndini ələ keçirir. Artıq döyüşlər intensiv xarakter almışdı. Bütün yaz və yay aylarında erməni terrorçu birləşmələri həm yerdən, həmdə havadan aramsız hücumlar edərək, dinc əhalini, strateji əhəmiyyətli yüksəklikləri atəşə tuturlar. Ordumuzun əsgərlərinin, polis əməkdaşlarının və rayon əhalisinin könüllərdən ibarət dəstələri aramsız gedən döyüşlərdə igidliklə döyüşür, böyük  itkilər verərək  torpaqlarımızın  bütövlüyü uğrunda vuruşurdular.

         Lakin bütün səylərə baxmayaraq, işğal olunan kəndlərin sayı günbəgün artır, artıq rayon mərkəzi atəşə içindədi. Ordu döyüşür, eyni zamanda ölkə rəhbərlikləri araslnda dinc əhalinin köçürülməsi haqqında siyasi danışıqlar aparılır. Beləliklə, danışıqlar uğurla nəticələnir,  Zəngilanlılar Araz çayını böyük çətinliklər, itkilər verərək keçir və xilas olurlar.

Amma verilən itkilər neçə ocağı söndürür, neçə ananı balasız, neşə balanı yetim qoyur...

Rayon mərkəzindən cox da uzaq olmayan bir yamacda “Şəhidlər xiyabanı” salındı. Vətən uğrunda canlarından keçən qəhrəman döyüşçülər orada dəfn olundu.

Bütün  itkiləri geri qaytarmaq mümkün olmasa da, torpaqlarımızı geri qaytarmaq üçün həm Zəngilan gəncləri, həm də urəyi vətən sevgisi ilə alışıb yanan bütün gənclərimiz üç rəngli bayrağımız altında bir yumruq kimi birləşməyə, amansız düşmənləri yox etməyə həmişə hazırdılar.

  

 

Foto Qalereya