Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Diyarşünaslıq
5 Noyabr , 2015

Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir. O, qara rəngi daşdan işlənmişdir. Konstruktiv elementlərin mütənasibliyi gözəl memarlıq kompoziyası türbəyə moni-mental gözəllik verir.

Əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 sm olub iki, cərgədən ibarətdir. O, daxili və xarici üzlük daşlardan hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 m. ölçülü düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağa örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir.

İslam qaydalarına görə türbəyə və sərdabəyə girişin hündürlüyü 120 sm-dən artıq ola bilməz. Çünki, bura girən bir qədər əyilməli, mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilallanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumuyaxşı olan və eyni zamanda tanınmış şəxslərin qərbi üstündə ucaldılırdı. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir.