Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
27 Oktyabr , 2015

Əsədov Əsəd Soltan oğlu

1958-1991

Turabad  kəndində doğulub. Mincivan qəsəbə orta məktəbində təhsilini başa vuraraq  əsgəri qulluğa gedib. Hərbi xidmətdən sonra Saratov şəhərində təyyarəçilik məktəbinin mülki aviasiya şöbəsinə daxil olub.1976-cı ildə təyyarələrin uçuş istismarı sənətinə yiyələnib. Elə həmin ildən də Yevlax Mülki Aviasiya İdarəsində işə başlayıb.

Ermənilər xalqımıza qarşı təcavüzə başladıqdan sonra son dərəcə təhlükəli uçuş zonası olan Xocalıya çoxsaylı mühüm əhəmiyyətli səfərlər etmişdir. Qarabağa növbəti uçuşu zamanı, 29 oktyabr 1991-ci ildə Əskəran səmasında ermənilər tərəfindən qəzaya uğradılan “AH-2” təyyarəsində həlak olub.

Cahangirbəyli kənd qəbiristanlığında dəfn edilib.

Dörd övlad atası idi. 

Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilən Əsəd Soltan oğlu Əsədov Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Nuriyev Elnur Eyvaz oğlu

1975-1994

Cahangirbəyli kəndində anadan olub. Kənd orta məktəbini bitirərək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul imtahanı versə də, məqsədinə çata bilməyib.

Rayona qayıdıb və Milli Ordu sıralarında erməni quldur dəstələrinin təcavüzünə qarşı mövqe döyüşlərində iştirak edib.

Zəngilanın işğalından sonra minomyotçular batareyasının tərkibində Füzuli rayonunun müdafiəçiləri cərgəsində yer alıb. Eləcə də Ağdamın işğal edilməmiş kəndlərinin qorunmasına cəlb olunub, Tərtər yaxınlığındakı məşhur Seysuan döyüşündə çətin sınaqdan çıxıb.

Hakimiyyət davasına qalxan daxili qüvvələrin Gəncədə gərginlik yaratdığı 1994-cü ilin sentyabrında sabitliyi bərpa etməli olan qoşun birləşmələrinin tərkibində “Üçtəpə” deyilən ərazidə atışmada sinəsindən ağır yaralanıb.

1994-cü il sentyabrın 5-də şəhidlik zirvəsinə ucalan Elnur Eyvaz oğlu Nuriyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.